Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Yanvar 1993 18:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı erməni işğalçılarından təmizləməkdən ötrü döyüş əməliyyatlarını davam etdirirlər. Bu döyüşlərdə işğal edilmiş ərazimizin xeyli hissəsini düşmənlərdən azad edən Tərtər briqadasının döyüşçüləri xüsusi fədakarlıq göstərirlər. Onlar keçmiş Ağdərə rayonunun işğal altında qalan bir neçə kəndini də azad etməkdən ötrü hücum əməliyyatlarını davam etdirirlər.
Ermənistan ordusunun hissələri bütün cəbhə boyu qızğın müqavimət göstərirlər. Bu özünü xüsusilə Füzuli cəbhəsində göstərir. Ötən gecə düşmənin piyadalardan ibarət bölməsi Aşağı Veysəlli istiqamətində hücuma keçmək üçün cəhd edib. Döyüşçülərimiz düşmənin bu cəhdinin qarşısını alaraq onu geri çəkilməyə vadar ediblər. Edilli kəndi yaxınlığında düşmənin 1 “KAMAZ” avtomaşını məhv edilib. Dünən düşmən Çuvarlı kəndini atəşə məruz qoyub. Bu gün isə erməni tərəfi Füzuli şəhərini Bulutan istiqamətindən, Ağstafa rayonunun Ballaqaya kəndini atəşə tutmağa başlayıb. Cavab atəşilə düşmənin atəş nöqtələri susdurulub.
Erməni mənbələri belə bir yalan məlumatı yayıblar ki, guya Azərbaycan Ermənistana qarşı kimyəvi silah işlətmək niyyətindədir. Rəsmi surətdə bildiririk ki, Azərbaycan Ordusunun heç bir kimyəvi silahı yoxdur. Bu cür silahların istehsalı və tətbiqi də nəzərdə tutulmur. Ermənistan tərəfinin bizə atdığı növbəti böhtan özünün təcavüzkar hərəkətlərini gizlətmək və Azərbaycanı dünya ictimaiyyətinin gözündən salmaq məqsədini güdür.
Ötən il dekabr ayının sonunda Qazax bölgəsində gedən gərgin döyüşlər zamanı Azərbaycan Milli Ordusunun 31 əsgəri qəhrəmancasına həlak olublar. Allah onlara və bütün şəhidlərimizə rəhmət eləsin. Bu şəhidlərimizin hələ qırxının çıxmadığı bir vaxtda “Kənd səsi” qəzeti öz səhifələrində şəhid olmuş qəhrəmanlarımızı talançı, quldur, qarətçi adlandırıb. Şəhidlərimizin ruhunu incidən bu yazı nəinki bu bölgədə vuruşan döyüşçülərimizi, həm də Qazax camaatını xeyli hiddətləndirib. Ordumuza və əsgərlərimizə ünvanlanmış bu cür iftiralar döyüşçülərimizin əhval-ruhiyyəsinə pis təsir göstərir və son nəticədə ümumi düşmənə, Ermənistana qarşı mübarizəmizi zəiflədir.