Qarabağın şimalında vəziyyət gərgin olaraq qalır. Ötən gecə Qozlu (Vaquas) kəndi ətrafında ağır döyüşlər davam etmişdir. Düşmən Sərsəng su anbarı istiqamətində irəliləməyə cəhd göstərib, ancaq SQ-in səyi nəticəsində nəzarətimiz altında olan mövqelər qorunub saxlanılmış və düşmən geri oturdulmuşdur.
Gecə saat 12 radələrində erməni ordusu Kurapatkin-Muğanlı səmtindən Xocavənd rayonu ərazisində yerləşən mövqelərimizə hücum etməyə çalışmışdır. Üç saata yaxın çəkən döyüş nəticəsində əks tərəf canlı qüvvə sarıdan itki verərək geri çəkilməyə məcbur olmuşdur. Bütün gecəni bu istiqamətdə avtomatik silahlardan atışma davam etmişdir.
Cəbhənin digər sahələrində artilleriya atışması müşahidə olunub. Fevralın 14-nə keçən gecə Füzuli və Ağdam bölgələri ermənilərin Qarabağdakı hərbi bazalarından, Gədəbəyin Mor-Mor və Tovuzun Əlibəyli kəndləri isə Ermənistan ərazisindən atəşə məruz qalıb.
Cəbhənin digər sahələrində gecə nisbətən sakit keçmişdir.