Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Fevral 1993 10:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ağdərə bölgəsində düşmənin hücumunun qarşısını tamamilə aldıqdan sonra əks hücum əməliyyatlarını genişləndirərək, işğalçıları sıxışdırmaqda davam edirlər. Dünən xəbər verdiyimiz kimi Yayıçı kəndi ermənilərdən təmizlənmiş və nəzarət altına alınmışdır. Axşam 22 radələrində isə Milli Ordumuzun bölmələri döyüş əməliyyatları zonasındakı daha bir hakim yüksəkliyi ələ keçiriblər.
Xocavənd rayonu ərazisindəki son döyüşlərdə əsgərlərimiz bir sıra mövqeləri ələ keçirmişdilər. İtirilmiş mövqelərini geri qaytarmaq istəyən düşmən fevralın 9-da 12 tank və piyadaların köməyilə hücuma keçmişdi. İki günlük döyüşlərdə əsgərlərimiz Nərgiztəpə yüksəkliyini tərk etsələr də axıradək vuruşaraq düşmənə zirehli texnika və canlı qüvvə sarıdan ağır zərbə vurublar.
İşğalçılara qarşı müharibə dövlət sərhədimiz boyu da davam edir. Dünən tankçılarımız Laçın rayonunun Mollalar kəndində mövqe tutmuş ermənilərin nəzarət məntəqəsini atəşə tutaraq düşmənin 10-dək quldurunu məhv etmişlər. Fevralın 11-nə keçən gecə Tovuzun Haçalı, Ağstafanın Köhnə Qışlaq, Qazaxın Quşçu-Ayrım və Məzəm kəndləri Ermənistan ərazisindən atəşə tutulmuş, Zəngilan rayonunun Kolluqışlaq məntəqəsi Mehri rayonu istiqamətindən hücuma məruz qalmışdır. Dövlət sərhədimizi göz bəbəyi kimi qoruyan əsgərlərimiz düşmənin bütün cəhdlərini puça çıxarıblar.
Digər münaqişə bölgələrində gecə sakit keçmişdir.