Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Fevral 1993 18:00

Müdafiə Nazirliyinin məlumatı

Qüvvələrimizi parçalamağa çalışan düşmən fevralın 9-da ayrı-ayrı bölgələrdə vəziyyəti gərginləşdirməyə cəhd göstərib. Milli Ordumuzun bölmələri bütün hallarda düşmənə sinə gərib, onun niyyətini puça çıxarıblar. Dünən saat 17 radələrində Ermənistan ordusu vertolyotların köməyi ilə Kəlbəcər rayonunun Zəylik məntəqəsi yaxınlığında dövlət sərhədimizi pozub. Vaxtında görülən tədbirlər nəticəsində saat 19-a yaxın düşmən sərhədlərimizdən xeyli kənara atılıb...
Strateji əhəmiyyətli Ağdərə-Kəlbəcər yolunda təxribat törətmək məqsədilə göndərilmiş ermənilərin xüsusi quldur dəstəsi əsgərlərimizin sayıqlığı nəticəsində vaxtında üzə çıxarılıb, tamamilə darmadağın edilib.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cəbhə boyu mətinliklə vuruşaraq azğınlaşmış düşmənin müqavimətini qırıb, onu bütün istiqamətlərdə sıxışdırmağa başlamışlar. Dünənki döyüşlərdə əsgərlərimiz əks hücuma keçib kiçik Dəvədaşı kəndini ermənilərdən təmizləyərək ayrı-ayrı istiqamətlərdə düşmənin qruplaşmalarını mühasirəyə almışdılar.
Bu gün, fevralın 10-da, Milli Ordu və Daxili qoşun bölmələri əks hücum əməliyyatını genişləndirərək işğalçıları Yayıçı (Koçoqot) kəndindən çıxarıb yaşayış məntəqəsinə nəzarəti ələ alıblar. Torpaqlarımızın hər qarışı uğrunda ölüm-dirim mübarizəsinə qalxan Azərbaycan Silahlı Qüvvələrinin bölmələri hazırda itirilmiş mövqeləri bərpa etmək məqsədilə bütün cəbhə boyu qanlı döyüşlər aparırlar.
Bu gün Ağdam və Füzuli rayonlarının ərazisi Qarabağın işğal olunmuş məntəqələri istiqamətindən ara-sıra atəşə tutulmuşdur.
Digər münaqişə bölgələrində gün ərzində sakitlik olmuşdur.