Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Fevral 1993 18:00

Müdafiə Nazirliyinin məlumatı

Hər dəfə Ermənistan prezidentinin taxtı laxlamağa başlayarkən, o, yalnız Qarabağda hərbi qələbələr qazanmaqla öz yerini möhkəmlətməyə çalışmışdır. Ter-Petrosyanı hakimiyyətdə saxlamaq məqsədilə qonşu respublikanın rəhbərliyi və bunda marağı olan bütün xarici qüvvələr erməni ordusunun Qarabağın şimalında geniş miqyaslı hücumunun keçirilməsinə şərait yaratmışlar. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşməni geri oturtmaq üçün qüvvələrini səfərbər edib. Dəvədaşı (Poqosohomer) , Çıldıran və Mehmanə kəndi yaxınlığındakı hakim yüksəklik uğrunda qanlı döyüşlər aparılır.
Azərbaycan SQ-i strateji əhəmiyyətli Ağdərə-Kəlbəcər yoluna tam nəzarət edirlər. Erməni tərəfinin həmin yola nəzarət etməsi haqda yaydığı məlumat yalandır.
Düşmən Ağdam cəbhəsində də hücuma keçməyə cəhd göstərib. Erməni ordusu bu gün səhər saat 8:45-dən artilleriya hazırlığından sonra rayonun Şelli və Erki məntəqəsi istiqamətində hücuma keçmişdir. Düşmən saat 12-yə yaxın Erki ətrafındakı 2 postumuzu tutmağa müvəffəq olsa da onu əlində saxlaya bilməyib. Günün 2-ci yarısında düşmənin bu istiqamətdəki hücumu tamamilə dəf olunub. Hər iki tərəf həm canlı qüvvə, həm də texnika sarıdan itki verib. Ermənilərin Şelli istiqamətindəki hücumunun qarşısı da vaxtında alınıb. İşğalçılar Xocavənd rayonu ərazisində hücum əməliyyatı keçirsə də Milli Ordu və Daxili qoşunların birgə səyi ilə onların qarşısı alınıb və geri oturdulub.
Azərbaycan SQ-ri bütün cəbhə bölgələrində düşmənin hücum cəhdlərinin qarşısını almaqla yanaşı əks-hücum əməliyyatları da həyata keçirirlər. Son bir neçə gün ərzində döyüşçülərimizin səyi nəticəsində Laçın rayonunun Qazıdərə, Yuxarı və Aşağı Cicimli kəndləri erməni tapdağından azad olunub. Hazırda bu məntəqələr əsgərlərimizin tam nəzarəti altındadır.