Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Fevral 1993 10:00

Müdafiə Nazirliyinin məlumatı

Hər dəfə Ermənistan prezidentinin taxtı laxlamağa başlayarkən, o, yalnız Qarabağda hərbi qələbələr qazanmaqla öz yerini möhkəmlətməyə çalışmışdır. Ter-Petrosyanı hakimiyyətdə saxlamaq məqsədilə qonşu respublikanın rəhbərliyi və bunda marağı olan bütün xarici qüvvələr erməni ordusunun Qarabağın şimalında geniş miqyaslı hücumunun keçirilməsinə şərait yaratmışlar. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşməni geri oturtmaq üçün qüvvələrini səfərbər edib. Bu şəraitdə Milli Ordumuzun hissələri cəbhə boyunca müdafiə xətti qurur, ayrı-ayrı yerlərdə isə hücum əməliyyatı keçirirlər.
Fevralın 9-na keçən gecə bütün cəbhə boyu vəziyyət daha da gərginləşmişdir. Bu gün səhərdən düşmən Ağdam cəbhəsi istiqamətində hücum etmək cəhdi göstərmişdir. Əks tərəfin Şelli yaşayış məntəqəsi səmtindəki hücumu dayandırılmış və o geri oturdulmuşdur. Düşmən Xocavənd rayonu ərazisində də hücuma keçmişdir. Milli Ordu və Daxili qoşun bölmələrinə cəbhənin bu hissəsində də işğalçıların hücumunun qarşısını almaq müvəffəq olmuşdur.
Alınan məlumata görə respublikamızın Silahlı Qüvvələri bir neçə istiqamətdə əks-hücuma keçmişlər. Hücumun nəticələri haqda məlumatı sizə çatdıracağıq.