Fevralın 8-nə keçən gecə Qarabağın şimalında torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda aparılan döyüş əməliyyatı davam edib. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənin irəliyə hərəkətini dayandırmışlar. Bütün günü əməliyyat şəraitində nəzərə çarpacaq dəyişiklik baş verməmişdir. Hazırda döyüşlər ermənilər tərəfindən işğal edilmiş Çıldıran kəndi istiqamətində gedir.
Fevralın 8-nə keçən gecə Qazax rayonunun Soyuqbulaq və Salaxlı yaşayış məntəqələri arasında yerləşən dəmiryol körpüsü partladılmış və nəticədə Azərbaycanla Gürcüstan arasındakı dəmiryol əlaqəsi kəsilmişdir. Bundan əlavə erməni ordusu Azərbaycan, Gürcüstan və Ermənistan sərhədlərinin kəsişdiyi yerdə “Qrad” qurğularını yerləşdirərək dünəndən həmin istiqamətdən Qazax rayonunun yaşayış məntəqələrini atəşə tutmağa başlamışdır. Təlafat və dağıntılar var. Bu vəhşiliklər azərbaycan tərəfini cavab tədbirləri görməyə vadar etmək və bununla da Azərbaycan və Gürcüstan arasındakı sərhədlərdə gərginliyi yaratmaqdır.
Erməni tərəfi son hərəkətləri ilə bir daha sübut edirlər ki, onlar müxtəlif çirkin üsullarla, hətta dövlət terrorizmi siyasətindən belə çəkinmədən Qafqaz regionunda sülhün bərqərar olunmasına əngəl törədəcəklər. Bütün bunlar Gürcüstan hökumətinin başçısı E. Şevardnadzenin Bakıya gəlişindən sonra, Azərbaycan və Gürcüstan arasında dostluq və əməkdaşlıq barədə müqavilələrin bağlandığı bir vaxtla üst-üstə düşür. Görünür, 2 respublika arasında bağlanmış müqavilə bizim düşmənlərimizə ağır zərbə vurmuşdur.