Son 2 gün ərzində cəbhədə döyüşlər daha da şiddətlənib. Xeyli qüvvə toplayan işğalçı Ermənistan ordusu ağır artilleriya və zirehli texnikanın köməyilə Silahlı Qüvvələrimizin Qarabağın şimalındakı ön müdafiə xəttini yarmağa müvəffəq olmuşdu. Düşmənlə qanlı döyüşlər aparan bölmələrimiz fevralın 6-da Ağdərə bölgəsinin bir sıra kəndlərini tərk etmək məcburiyyəti qarşısında qalmışdılar. Düşmən Qozlu (keçmiş Vaquas), Qızılqaya (Arutunohomer), Yuxarı Orataq, Mehmanə, Manikli, Baş və Orta Güneypəyə kəndlərinə soxulmağa cəhd göstərmişdi.
Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən görülən zəruri tədbirlər nəticəsində düşmənə sinə gərən əsgərlərimiz onu geri dönməyə məcbur ediblər. Hazırda döyüşlər dünən tərk olunmuş Yayıçı (Koçoqot), Dəvədaşı (Poqosqohomer) və Çıldıran kəndləri uğrunda gedir.
Düşmən dövlət sərhədimizdə də daima gərginliyi artırmağa çalışır. Bu gün Qazax rayonunun Ermənistanla həmsərhəd kəndləri müxtəlif təyinatlı silahlardan atəşə tutulub.
Cəbhədə düşmənin belə fəallaşması Ermənistan rəhbərlərinin özgə torpaqlarındakı hərbi uğurlar hesabına ucuz siyasi kapital toplamaq cəhdindən başqa bir şey deyildir. Bütün bu hadisələr Ermənistan daxilində siyasi vəziyyətin kəskin surətdə pisləşməsi və erməni müxalifətinin L.Ter Petrosyanın istefasını tələb edən çağırışları ilə üst-üstə düşür.