Cəbhə xəttindəki qısa müddətli sakitlikdən sonra əməliyyat şəraiti xeyli gərginləşmişdir. Fevralın 5-də güclü artilleriya hazırlığından sonra Vəngli istiqamətindən hücuma keçən düşmən üstünlüyü ələ almağa müvəffəq olmuşdur. Milli Ordumuzun bölmələri ağır döyüşlər apararaq Sırxavənd, Çıldıran, Poqosoqomer və Koçaqot kəndlərini tərk etməyə məcbur olmuşlar. Hazırda bu istiqamətdə gərgin döyüşlər davam edir. Bölgədə vəziyyəti sabitləşdirmək məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən tədbirlər görülür.
Fevralın 6-na keçən gecə və bu gün Tovuzun Ağdam, Qazaxın Fərəhli, Kəmərli, Salahlı, Quşçu Ayrım və Qaymaqlı, Gədəbəyin Novoivanovka və Novosaratovka kəndləri Ermənistan ərazisindən, Füzuli ərazisindəki mövqelərimiz isə Qarabağın işğal altında olan məntəqələrindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Bütün hallarda düşmənə cavab atəşi açılıb.