Erməni işğalçıları cəbhə xəttini genişləndirmək məqsədilə çoxdan bəri döyüş əməliyyatları olmayan bölgələrdə gərginliyi artırmağa cəhd göstərirlər. Dünən xəbər verdiyimiz kimi fevralın 4-nə keçən gecə ermənilərin quldur dəstəsi Vəngli istiqamətindən hərəkət edərək Kəlbəcər bölgəsinin Çıraqlı və Narınclar kəndlərinə basqın etmişlər. Həyəcan siqnalı ilə qaldırılmış Silahlı Qüvvələrimizin bölmələri döyüşçülərimizin köməyinə çataraq düşmənin hücumunun qarşısını almış və onları itkiyə məruz qoyaraq geri qaçmağa məcbur etmişlər. Hazırda bu səmtdən ola biləcək hər hansı bir düşmən həmləsinin qarşısını almaqdan ötrü lazımi tədbirlər görülüb.
Azərbaycan Silahlı Qüvvələrinin hissələrinin son bir həftə ərzində Xocavənd istiqamətində həyata keçirdikləri uğurlu döyüş əməliyyatları nəticəsində bir neçə strateji əhəmiyyətli yüksəkliyi nəzarət altına almağa nail olublar. Bununla hesablaşmaq istəməyən ermənilər fevralın 4-də səhər saat 7-dən başlayaraq itirilən mövqelərini geri qaytarmaq məqsədilə Qaraçuq və Kuropatkin istiqamətindən hücuma keçmişlər. Saat 14-dək davam edən döyüşdə əsgərlərimiz mərdliklə vuruşaraq düşmənə ağır zərbə vurmuşlar. Döyüş meydanında bir tankını və xeyli canlı qüvvəsini itirən ermənilər qaçmağa məcbur olublar. Gecə saat 11-12 radələrində zədələnmiş tankını aparmağa cəhd göstərən əks tərəf əsgərlərimizin sərrast atəşilə qarşılaşmış və yenidən itki verərək geri dönüblər. Hazırda döyüşçülərimiz əməliyyat şəraitinə tam nəzarət edirlər.
Fevralın 5-nə keçən gecə digər münaqişə bölgələrində nisbi sakitlik olmuşdur.