Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Fevral 1993 18:00

Müdafiə Nazirliyinin məlumatı

Cəbhədəki sakitlikdən istifadə edən və geniş əməliyyatlar keçirmək iqtidarında olmayan düşmən qüvvələri dinc yaşayış məntəqələrimizə quldur basqınlarına keçmişdir. Fevralın 4-də gecə saat 1 radələrində erməni işğalçılarının quldur dəstəsi keçmiş Ağdərə rayonunun cənubundakı Vəngli hərbiləşdirilmiş bazası istiqamətindən Kəlbəcər bölgəsinin Çıraqlı kəndinə qəfildən basqın etmişlər. Cəbhənin bu hissəsindəki vəziyyəti sabitləşdirmək üçün Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən zəruri tədbirlər planı həyata keçirilir.
Fevralın 3-dən 4-nə ötən gecə digər münaqişə bölgələrində nəzərə çarpan dəyişikliklər baş verməyib.
Azərbaycanda gedən müharibə haqda yazdığı doğru reportajları ilə məşhur olan Latviya jurnalisti Tatyana Çaladze öz vətənində millətlərarası münasibətlərin qızışdırılması maddəsi ilə məhkəməyə cəlb olunub. Amma buna baxmayaraq, o, təkrarən Qarabağa gəlir və Azərbaycan haqda həqiqəti yazmaqda davam edir. Bunu görən düşmən öz sevdiyi çirkin əmələ - terrora əl atıb.
Belə ki, Riqadan verilən xəbərə görə, fevralın 3-də saat 18 radələrində “Latviyas Layks” redaksiyasından çıxdığı zaman 2 nəfər naməlum şəxs “Latviya Layks” və “Baltiyskoe vremya” qəzetlərinin redaktoru Tatyana Çaladzeyə gülllə atıb. İkinci güllə qapıya dəymişdir. Dərhal polis çağırılmış və cinayət işi qaldırılmışdır. T.Çaladzenin dediyinə görə bu hücum onun Qarabağdan yazdığı məqalələrlə əlaqədar ola bilər. Çünki əvvəllərdə bir neçə dəfə onu telefonla hədələyirdilər. Dünənki hadisəyə baxmayaraq bu gün, fevralın 4-də onun Qarabağdakı döyüşlər haqqında yenə də “Latviyas Layks” qəzetində geniş məqaləsi çıxmışdır. Mərd jurnalist Tatyana Çaladzenin həftə sonunda Azərbaycana gəlişi gözlənilir.