Son günlərdə bütün Azərbaycanın diqqəti Kəlbəcər-Laçın bölgəsinə yönəlib. Ermənistan tərəfi Respublikamıza qarşı apardığı müharibəni daha da genişləndirərək öz Silahlı Qüvvələri ilə Azərbaycanın Kəlbəcər və Laçın rayonlarına yeni təcavüz edib.
Martın 27-dən bugünə kimi düşmən tanklardan və digər zirehli texnikalardan istifadə edərək, 12 yaşayış məntəqəmizi: Ağdaban, Çayqovuşan, Çərəkdar, Bağlıpəyə, Vəng, Ağqaya, Mərcimək, Narınclar, Çıraqlı, Təzəkənd, Ağcakənd və Taxtabaşı kəndlərini işğal edib, Kəlbəcər rayonu mərkəzinə doğru xeyli irəliləmişdi. Bu gün gündüz olan məlumata görə, Ermənistan ordusunun ön hissələri Kəlbəcər şəhərinin 16 km-liyindədirlər. Nəticədə Kəlbəcər rayonunun cənub hissəsində və Laçın rayonunda yerləşən kəndlərin mühasirəyə düşmək təhlükəsi yaranıb. Bu gün saat 17:45-də Kəlbəcər şəhəri ilə telefon əlaqəsi yaradaraq əlavə məlumat almışıq. Erməni hücumunun qarşısı Gamışlı körpüsü yaxınlığında alınıb. Hazırda döyüşlər Kəlbəcərlə Laçını birləşdirən tunel yaxınlığında gedir.
Laçın rayonu ərazisinin də tamamilə itirilməsi təhlükəsi mövcuddur. Bu gün erməni qoşunları bölgənin Tıgik I, Bülüldüz, Təzəkənd və sair kəndlərinə həmlələrini daha da gücləndiriblər. Azərbaycan Milli Ordusunun bölmələri ağır müdafiə döyüşləri aparırlar.
Ağdərə cəbhəsində ötən iki gündə əməliyyat şəraiti əsasən dəyişməyib.
Martın 30-u və 31-i ərzində Qazax, Ağstafa, Tovuz və Gədəbəy bölgələrinin sərhəd məntəqələri Ermənistan ərazisindən daim atəş altında saxlanılıb. Dünən axşam Ağstafanın Köhnəqışlaq və Qazaxın Kəmərli kəndlərinin atəşə tutulması zamanı dörd ev dağılıb. 2 dinc sakin həlak olub və 3 nəfər yaralanıb.