Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Mart 1993 00:00

Müdafiə Nazirliyinin məlumatı

Son günlər ərzində Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisində öz əməliyyatlarını daha da genişləndiriblər. Ermənistandan böyük miqdarda əlavə qüvvə, hərbi texnika və döyüş sursatı gətirən düşmən müxtəlif istiqamətlərdə mövqelərimizə hücumlar edib.
Əsas döyüşlər əvvəlkitək Ağdərə ətrafında gedib. Şəhər həndəvərində yerləşən yüksəkliklər bütün həftə ərzində döyüş meydanı olub. Ermənilərin burada cəmləşdiyi texnika və canlı qüvvəsinə artilleriyamız atəş açıb. Dünən Minqrelsk və Möhrətaq kəndləri yaxınlığında ermənilərin 2 tankı və 2 PDM-i məhv edilib. Ağdərədən şimalda erməni qoşunlarının fəallaşmaq cəhdləri məhv edilib.
Martın 27-də Ermənistan ordusunun bölmələri Kəlbəcər rayonu ərazisinə güclü hücuma keçdilər. Erməni işğalçı qoşunları zirehli texnika və ağır artilleriyanın köməyilə 3 istiqamət üzrə irəliləyərək, rayonun şərq hissəsində yerləşən yaşayış məntəqələrini təhlükə üzərində qoydular. Eyni zamanda Ermənistanın həmsərhəd Vardenis rayonu tərəfdən düşmən Kəlbəcərin sərhəd məntəqələrinə soxuldu. Dünəndən etibarən Laçın rayonunda da döyüşlər başlandı. Ümumiyyətlə son 3 gün ərzində Kəlbəcər-Laçın bölgəsinin 14 yaşayış məntəqəsi həmlələrə məruz qaldı. Onlardan beşi: Ağdaban, Narınclar, Çıraqlı, Təzəkənd və Ağcakənd düşmən pəncəsinə keçdi.
Erməni işğalçılarının burada məqsədi aydındır: Kəlbəcər və Laçın rayonları arasında yeganə yolu kəsmək, qoşunlarımızı parçalayıb dağıtmaq, bu rayonların ərazisini zəbt etmək və beləliklə də Qarabağı Ermənistan tərəfdən ilhaq etmək.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  Baş Komandanlığı tərəfindən bölgələrimizin müdafiəsi görüldüyü tədbirlərin səmərəsini azaltmaq məqsədilə Ermənistan qoşunları digər rayonlarımızda da gərginliyi saxlamağa çalışırlar. Ötən həftə ərzində bütün sərhəd bölgələrimiz, Naxçıvan MR-sı da daxil olmaqla, Ermənistan ərazisindən atəşə tutulub. Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərində evlər dağılıb, dinc sakinlər yara alıblar. Topçularımız cavab olaraq düşmənin atəş nöqtələrinə zərbə endiriblər. Nəticədə ermənilərin 1 topu sıradan çıxarılıb.