Son 2 gün ərzində cəbhə xəttində vəziyyət xeyli gərginləşib. Ağdərə bölgəsində şiddətli döyüşlər davam edir. Erməni silahlı birləşmələrinin təzyiqi artırmaqlarına baxmayaraq döyüşçülərimiz öz mövqelərini mərdliklə qoruyurlar. Martın 24-də Maqavuz istiqamətindəki döyüşlərdə əsgərlərimiz düşmənin 3 tankını və 1 piyadanın döyüş maşınını sıradan çıxarıblar.
Zəngilan bölgəsində də vəziyyət ağırlaşıb. Rayonun işğal olunmuş kəndlərinə əlavə qüvvə gətirən ermənilər martın 23-nə keçən gecə artilleriya hazırlığından sonra Şərikan, Burunlu və Şayıflı kəndlərindəki müdafiə mövqelərimizin üzərinə hücuma keçiblər. Burada yerləşən bölmələrimiz ermənilərin 2 hücumunu dəf edərək düşmənə ağır itkilər veriblər. Hazırda cəbhənin bu bölgəsində artilleriya atışması gedir.
Ötən gecə Füzuli cəbhəsindəki mövqelərimiz ermənilərin işğal etdiyi Bulutan, Xırmancıq və Məlikcanlı kəndləri tərəfdən tanklardan atəşə tutulub. Cavab atəşi ilə düşmən susdurulub.
Martın 24-nə keçən gecə Qazax rayonunun Tatlı, Qızıl Hacılı, Məzəm, Kəmərli kəndləri Ermənistanın Paravakar və Noyemberyan məntəqələri tərəfdən PDM, iriçaplı pulemyotlardan atəşə tutulub. Eyni vaxtda Gədəbəy rayonundakı bəzi sərhəd mövqelərimiz Ermənistan tərəfdən minaatanlardan atəşə tutulub.
Müdafiə Nazirliyi Ağdərə bölgəsində qəhrəmancasına həlak olmuş Orucov Vəzirin bütün qohum və dostlarına dərin hüznlə başsağlığı verir. Allah ona və bütün şəhidlərimizə rəhmət eləsin.