Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Mart 1993 00:00

Müdafiə Nazirliyinin məlumatı

Son həftə ərzində cəbhə xəttində gərginlik azalmayıb. Martın 6-dan 12-nə qədərki dövr ərzində Ağdərə cəbhəsində döyüşlər daha da şiddətlənib. Yaşayış məntəqələrimizin və mövqelərimizin atəşə tutulması ara verməyib.
Ağdərə bölgəsindəki vəziyyət bu günlər diqqət mərkəzində olub. Erməni birləşmələri Sərsəng su bəndini və strateji əhəmiyyətli Kasapet dağını ələ keçirmək məqsədi ilə ardı-arası kəsilmədən bu istiqamətlərdə hücum edibər. Döyüşçülərimiz düşmənə müqavimət göstərib, ona ağır zərbələr vurublar. Belə ki, təkcə martın 6-da Sərsəng su bəndi üstündəki döyüşlərdə əsgərlərimiz  ermənilərin xeyli piyadasını məhv edərək, “Şilka” tipli 2 zenit qurğusunu ələ keçiriblər.
Lakin erməni birləşmələri gündən-günə daha böyük qüvvə ilə hücuma keçərək, öz məqsədlərindən əl çəkmirdilər. Ağır döyüşlərdən sonra Kasapet dağı və Sərsəng su bəndi düşmənin nəzarəti altına keçdi. Strateji cəhətdən üstün mövqelər tutan ermənilər Meçşen, Möhrətaq və Kasapet kəndlərini ələ keçirib, Maqavuz, Minqrelsk, Aşağı Orataq və Dəmirli kəndlərinə soxuldular. Yenidən işğal olunmaq təhlükəsi qarşısında qalmış Ağdərə şəhəri ətrafında müdafiə xətti quran Azərbaycan Silahlı Qüvvələrinin bölmələri martın 7-nə keçən gecə ağır döyüşlərdən sonra düşmənin irəliləyişinin qarşısını ala biliblər. Bu gün martın 12-də Ağdərədən aldığımız məlumata görə, bölgədə döyüşlər davam etsə də, əməliyyat şəraitində nəzərə çarpacaq dəyişiklik olmayıb.
Keçən həftə Füzuli bölgəsində gərginlik xeyli artıb. Martın 6-sı istisna olmaqla, hər gün qısa fasilələrlə bu bölgədəki mövqelərimiz və yaşayış məntəqələrimiz Qarabağın işğal olunmuş ərazisindən tank, top və “Qrad” qurğularından atəşə tutulub. Ermənilər bir neçə dəfə Qızılqaya istiqamətindəki mövqelərimizə hücum etməyə cəhd göstəriblər. Hər dəfə ağırlığı öz üzərlərinə götürən topçularımız sərrast atəşlə düşmənin bütün cəhdlərini puça çıxarıb, onu geri çəkilməyə məcbur ediblər. Son günlər ermənilərin 1 topu, 1 tankı və 1 “Qrad” qurğusu sıradan çıxarılıb.
Diqqəti Qarabağdakı döyüşlərdən yayındırıb, qüvvələrimizi parçalamağa çalışan erməni işğalçı ordusu martın 6-dan 12-dək dövlət sərhədi boyunca yerləşən Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Zəngilan rayonlarının ərazisini müntəzəm olaraq müxtəlif təyinatlı silahlardan atəşə məruz qoyub. Kəlbəcər və Qubadlının sərhəd məntəqələri isə bir neçə dəfə atəşə tutulub. Silahlı Qüvvələrimizin sərhəddəki bölmələri sayıqlığı əldən verməyib, hər dəfə Ermənistan ərazisindəki hərbi bazalara və atəş nöqtələrinə tutarlı zərbələr endirərək, düşmənin niyyətini puça çıxarıblar.
Son həftə ərzində Milli Ordumuz təkcə müdafiə olunmaqla kifayətlənməyib. Martın 9-da Qubadlı birləşməsinin döyüşçüləri uğurlu hücum əməliyyatı aparıb, sərhəddəki strateji əhəmiyyətli bir yüksəkliyi ələ keçiriblər. Düşmənin döyüş sursatını qənimət götürən əsgərlərimiz dövlət sərhədimizin bu sahəsini bərpa ediblər. Hazırda ələ keçirilən mövqelərə tam nəzarət olunur.