Son iki gün ərzində Kəlbəcər bölgəsində vəziyyət son dərəcə ağırlaşıb. Martın 31-dən aprelin 1-nə keçən gecə Ermənistan silahlı qüvvələri böyük miqdarda hərbi texnikadan və canlı qüvvədən istifadə edərək Vardenis rayonu ərazisindən güclü hücuma keçmişlər. Bu hücum nəticəsində erməni silahlı birləşmələri rayonun 13 kəndini işğal edərək Kəlbəcər şəhəri istiqamətində irəliləmişlər. Bizim mərkəzin bölgədə olan zabitlərindən aldığımız məlumata görə, aprelin 1-i günortaya yaxın ermənilər tərəfdə heyəti ruslardan ibarət olan ən azı 10 tank və Rusiya ordusunun dağ şəraitində döyüşən xüsusi hazırlıqlı dəstələri iştirak ediblər. Bu günlər ərzində Kəlbəcər rayonunun dinc əhalisinin köçürülməsi davam edir. Aldığımız məlumata görə, 30 minə yaxın dinc əhali təhlükəsiz yerlərə çatdırılıb.
Aprelin 2-si bütün gün ərzində Kəlbəcər rayonu ilə telefon əlaqəsi olmayıb. Digər mənbələrdən aldığımız məlumata görə, Kəlbəcər rayonu ərazisində döyüşlər davam edir. Murov dağı yolu bizim nəzarətimiz altındadır və açıqdır.
Bu gün, aprelin 2-də səhər tezdən erməni silahlı ordusunun bölmələri hücuma keçərək Qacar, Divanalılar, Gövşadlı kəndlərini işğal ediblər. Əks-hücuma keçən döyüşçülərimiz düşməni Gövşadlı kəndindən vurub çıxarda biliblər. Döyüşlər davam edir.
İndicə aldığımız məlumata görə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri hücuma keçərək Akopkamari, Maqavuz kəndlərini və Qlobus adlanan yüksəkliyi ələ keçiriblər.