Kəlbəcərin zəbt edilməsindən sonra cavabsız qalan Ermənistan ordusunun bölmələri digər sərhəd bölgələrində də azğınlıq edirlər. Dünən axşam ermənilər Zəngilan rayonunun Şayıflı kəndinə hücuma keçməyə cəhd ediblər. 2 saatlıq döyüşdən sonra düşmən geri oturdulub.
Eyni zamanda, düşmən sərhəd bölgələrini atəşə tutub. Dünən, aprelin 7-də Qubadlı şəhəri “QRAD” qurğularından, Gədəbəy rayonunun Qaravəllər kəndi minaatanlardan və avtomatlardan atəşə tutulub.
Ermənilər öz quldurluq əməllərini də davam etdirirlər. Dünən onlar Qazax rayonunun Musaköy kəndindən 50 baş mal-qara oğurlayıb aparmışlar.
Ordumuzun Ağdərə bölgəsində yerləşən bölmələri keçirdikləri döyüş əməliyyatları nəticəsində bir qədər irəliləməyə müvəffəq olublar.