Moskvanın “OSTANKİNO” televiziyasının “NOVOSTİ” proqramı bu gün saat 15:00 buraxılışında Müdafiə Nazirliyinə yalandan istinad edərək bildirmişdir ki, guya erməni qüvvələri Qubadlı və Zəngilan rayonları ərazisinə hücuma keçərək 15 km bizim ərazimizə soxularaq 14 yaşayış məntəqələrimizi zəbt etmişdir. Bu təxribat xarakterli məlumat Azərbaycanda siyasi vəziyyəti və asayişi pozmaq məqsədi daşıyır. Bununla bağlı bildirmək istəyirik ki, bu gün səhər düşmən qüvvələri Zəngilanın Kolluqışlaq və Rəzdərə kəndləri istiqamətində bir qədər fəallaşmışlar, lakin bu həmlələrin qarşısı döyüşçülərimiz tərəfindən dəf olunmuşdur. Hazırda bu istiqamətdə döyüşlər davam etməkdədir. Qubadlı bölgəsində isə dünəndən bəri vəziyyət sakit olaraq qalmaqdadır.