Azərbaycan Respublikası Müdafiə Nazirliyi rəhbərliyi və Ermənistan ekspedisiya qüvvələrinin komandanlığı arasında üç gün müddətinə atəşin dayandırılması haqda razılıq əldə edilib. Həmin razılıq dünən, iyulun 25-də, saat 00:00-dan qüvvəyə minib. Bu məlumatı rəsmi olaraq Müdafiə Nazirinin vəzifəsini icra edən Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi polkovnik Səfər Əbiyev verib.
Atəşin dayandırılmasına baxmayaraq dünən saat 16:00-da erməni qoşunlarının piyada və zirehli qüvvələri Füzuli şəhəri istiqamətinə hücuma keçiblər. Döyüşçülərimiz cavab atəşi açaraq düşmən hücumunun qarşısını alıblar. Ermənilərin 1 tankı sıradan çıxarılıb. Bu gün saat 06:00-dan başlayaraq Füzuli şəhəri ermənilərin ələ keçirdikləri hakim yüksəkliklərdən atəşə tutulub.
Dünən və bu gün ərzində Qazax, Gədəbəy, Cəbrayıl rayonlarının kəndləri və Tərtər şəhəri də erməni mövqelərindən müxtəlif növ silahlardan atəşə tutulub.