Ağdam da artıq üçüncü gündür ki, həlledici döyüşlər ara vermir. Ermənistan ordusunun irimiqyaslı hücumu nəticəsində şəhərdə son dərəcə ağır vəziyyət yaranıb. Dünən Muğanlı və Şıxbabalı kəndlərini zəbt edən düşmən bu gün səhər tezdən böyük canlı qüvvə və tankların köməyilə yenidən şəhərə həmlə edərək Ağdama bitişik Çuxurməhlə və Əhmədavar kəndlərini də ələ keçirib. Beləliklə, döyüşlər şəhərin kənarına yaxınlaşıb.
İşğal edilmiş Şıxbabalı və Əhmədavar kəndlərindən şəhər ərazisi yaxın məsafədən dağıdıcı top və raket atəşinə məruz qalır. Həlak olanların və yaralananların sayı artır.
Buna baxmayaraq, Ağdamdakı vəziyyət tam nəzarət altındadır. Silaha sarılmış Ağdam əhalisi Ordumuzun döyüşçüləri ilə birlikdə şəhərin müdafiəsi üçün qanından-canından keçərək, nəyin bahasına olursa olsun Ağdamı qorumaq əzmindədirlər. Hazırda şiddətli döyüşlər davam edir.