Dünən axşamdan başlayaraq sərhəd bölgələrimizdə gərginlik xeyli artıb. Qafan rayonunda yerləşən Ermənistan ordusu bölmələri Zəngilanın Sobu kəndi istiqamətində dövlət sərhədini pozaraq saat 20:30 radələrində buradakı Qızıldaş məntəqəsini ələ keçiriblər. Düşmənin zirehli texnikadan istifadə etməsinə baxmayaraq döyüşçülərimiz bu hücumun qarşısını tezliklə almışlar. Gecə yarısına qədər davam etmiş döyüşdə Qızıldaş məntəqəsi azad edilib, erməni piyada birləşmələri isə geriyə, öz ərazisinə atılıblar.
Bu gecə həmçinin Gədəbəy rayonunun sərhəd kəndlərinin də camaatı sakit yatmayıb. Təxminən 8 saat ərzində Mormor və Novoivanovka kəndləri fasilələrlə atəşə tutulub. Ermənistanın Krasnoselsk rayonunda yerləşən düşmənin atəş nöqtələrinə döyüşçülərimiz cavab atəşi açıblar.
Dünən axşam və bu gün ərzində ermənilər tərəfdən Cəbrayıl rayonunun Quşçular kəndinin müxtəlif növ silahlardan atəşə tutulması davam edib. Saat 12-dən sonra isə Ağdam rayonunun işğal edilmiş Saybalı kəndi istiqamətindən Novruzlu kəndində yerləşən mövqelərimiz tank və toplardan atəşə tutulub. Burada da düşmənə cavab verilib.