Son günlərdə erməni qoşunları Qarabağın şimalında fəallaşıblar. Tərtər istiqamətində yerləşən yaşayış məntəqələri və Ordumuzun mövqeləri müntəzəm olaraq erməni artilleriyası tərəfindən atəş altında saxlanılır. Dünən axşam və bu gün gündüz Yuxarı Çaylı və Həsənqaya kəndləri top atəşinə tutulub. Yaralananlar var.
Əvvəlkitək Cəbrayıl rayonu kəndlərinin düşmən tərəfindən atəşə tutulması davam edib. Ötən gecə Quşçular kəndi atəşə tutulub. Döyüşçülərimizin açdığı cavab atəş nəticəsində düşmən atəş nöqtələri susdurulub, gün ərzində sakitlik olub.
Dünən axşam və iyulun 16-na keçən gecə Qubadlı rayonunun sərhəd kəndləri və Naxçıvanın Sədərək qəsəbəsi də Ermənistan ərazisindən müxtəlif növ silahlardan, o cümlədən PDM, minaatan və qumbaraatanlardan atəşə tutulub. Bu gün saat 10-13 arasında isə Qazax rayonunun Balıqaya kəndi Ermənistanın Berd rayonu ərazisindən atəşə tutulub. Cavab atəşilə düşmən susdurulub.