Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 İyul 1993 00:01

Müdafiə Nazirliyinin məlumatı

Əvvəlki günlərin şiddətli döyüşlərinə nisbətən dünən və bu gün döyüş bölgələrində hərbi əməliyyatların gərginliyi bir qədər sovuşub. Ağdam ətrafında vəziyyət dəyişməyib. Bunu müharibə zonasına c-b Rafaellinin başçılıq etdiyi nümayəndə heyətinin gəlməyi ilə izah etmək olar. Sülh məramlı nümayəndələrinin regionda olması ilə əlaqədar yaranmış müvəqqəti sakitlikdən istifadə edərək Ermənistan ordusu döyüş bölgələrinə əlavə qüvvə, texnika və sursat gətirirlər. Artıq ikinci gündür ki, Laçın yolu ilə zirehli texnikadan və hərbi yük avtomaşınlarından ibarət bir neçə böyük karvanların keçməsi müşahidə məntəqələrimiz tərəfindən qeydə alınır.
Dünən axşam və iyulun 11–nə keçən gecə Cəbrayıl rayonu Quşçular kəndi ətrafında mövqe döyüşləri davam edib. Eyni vaxtda Sur və Qışlaq kəndləri də müxtəlif növ silahlardan atəşə tutulub.
Ötən gecə şimal-qərb sərhədlərimizdə vəziyyət xeyli gərginləşib. Gecə yarısından başlayaraq Tovuz rayonunun Əlibəyli və Haçalı kəndləri Ermənistan ərazisindən güclü atəşə tutulub. Artilleriya hazırlığından sonra erməni piyadaları bu kəndlərdəki mövqelərimizə hücuma keçib. Düşmənə müqavimət göstərilib və o, sərhəddən geri atılıb. Tovuz rayonunun Əlibəyli və Haçalı, Ağstafa rayonunun Köhnəqışlaq kəndlərinin atəşə tutulması səhərə qədər çəkib. Nəticədə Əlibəyli kəndində dağıntılar və yaralananlar var. Bu gün isə saat 11-13 arasında Haçalı kəndi yenidən Ermənistan ərazisindən atəşə məruz qalıb. Düşmənə cavab atəşi açılıb.