Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyul 1993 00:02

Müdafiə Nazirliyinin məlumatı

Artıq beşinci gündür ki, Ağdam ətrafında qızğın döyüşlər gedir. Erməni qoşunları dünən axşam döyüşə canlı qüvvə və zirehli texnika ehtiyatlarını cəlb edərək Azərbaycan Milli Ordusunun srağagün azad etdiyi kəndləri yenidən zəbt etmək məqsədilə hücuma başladı. Şelli, Qasımlı və Saybalı kəndlərini ələ keçirən düşmən ötən gecə və səhər uzun çəkən şiddətli döyüşlərdən sonra Şıxbabalı-Novruzlu hüdudunda saxlanılıb.
Təkcə bir gün ərzində müdafiə döyüşlərində düşmənin 3 tankını, 1 PDM-ini və böyük sayda canlı qüvvəsini məhv edən döyüşçülərimiz bu gün gündüz əks-hücuma keçərək itirilən Şelli, Qasımlı və Saybalı kəndlərini yenidən azad ediblər. Ağdamın cənub və qərb istiqamətlərində qızğın döyüşlər davam edir.
Bu gün Füzuli cəbhəsində Ermənistan ordusu bölmələri Qoçəhmədli kəndinə hücum ediblər. Döyüşçülərimiz düşməni itkiyə məruz edərək onu geri atıblar. Ötən gecə isə Füzuli şəhəri və Cəbrayıl rayonunun bir sıra kəndləri top atəşinə tutulub. Eyni vaxtda Naxçıvanın Sədərək qəsəbəsi də Ermənistan ərazisindən PDM-lərdən və iriçaplı pulemyotlardan atəşə tutulub.
Cəbhənin digər sahələrində ciddi dəyişiklik olmayıb.