Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyul 1993 00:01

Müdafiə Nazirliyinin məlumatı

Cəbhə bölgələrində vəziyyət ağır olaraq qalır. Erməni işğalçıları bütün istiqamətlərdə əməliyyat şəraitini öz xeyirlərinə dəyişdirməyə çalışırlar. Cəbrayıl və Füzuli istiqamətlərində dünən səhərdən başlayan döyüşlər səngimək bilmir. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənin hücumunun qarşısını almaq üçün tədbirlər görürlər. Bu döyüşlərdə hər iki tərəfdən ölən və yaralanan var. Ürək ağrısı ilə bildiririk ki, Xatınbulaq kəndi yaxınlığında Füzuli motoatıcı briqadasının tank batalyonun komandiri leytenant İmanov Adil Tapdıq oğlu və həmin briqadanın artilleriya qərargahının rəisi Allahverdiyev Bəxtiyar İdris oğlu həlak olublar. Allah onlara və bütün şəhidlərimizə rəhmət eləsin.
Ermənistan ordusunun bu hücumlarını ört-basdır etdirməyə çalışan Rusiyanın informasiya agentlikləri bu gün Moskva televiziyasının “ВЕСТИ” proqramında guya Azərbaycan Silahlı Qüvvələrinin Hadrut şəhərini tutduqları barədə yalan məlumat yaymışlar. Müdafiə Nazirliyinin rəhbərliyi rəsmi surətdə bildirir ki, bu günlərdə Hadrut şəhəri istiqamətində heç bir hücum əməliyyatı aparılmayıb və belə bir əməliyyatın aparılması da planlaşdırılmayıb.
Əksinə, bu gün, iyulun 3-də səhər saat 5 radələrində Cəbrayıl şəhəri məhz Hadrut istiqamətindən “QRAD” qurğularından və toplardan şiddətli atəşə məruz qalıb. Şəhərdə dağıntı və təlafat var.
Bu gün səhər tezdən Ağdərə cəbhəsində də gərgin döyüşlər başlayıb. Ermənistan ordusunun bölmələri Akop-Komari kəndi səmtindən döyüşçülərimizin mövqelərinə hücuma keçiblər. Əsgərlərimiz düşməni geri oturtmaq üçün ağır döyüşlər aparırlar.
İyulun 3-nə keçən gecə Qazax rayonunun Kəmərli kəndi Ermənistan ərazisindən iriçaplı pulemyotlardan atəşə tutulub.