Ermənistan ordusunun bölmələri cəbhənin cənub hissəsində genişmiqyaslı əməliyyata başlayıblar. İyulun 2-si səhər tezdən düşmən artilleriya hazırlığından sonra Cəbrayıl və Füzuli bölgələri istiqamətində hücuma keçib. Xeyli miqdarda zirehli texnika və canlı qüvvədən istifadə edən ermənilər Gorazıllı, Sur, Qışlaq, Süleymanlı, Doşulu və Quşçular kəndlərini müntəzəm surətdə atəşə tutaraq bu istiqamətlərdə yerləşən Günəşli və Qaradağlı kəndlərinə soxulublar. Hazırda Gorazıllı və Quşçular kəndləri ətrafında ağır döyüşlər gedir.
Ağdam cəbhəsində də gərginlik qalmaqdadır. Dünən və bu gün buradakı mövqelərimiz düşmənin ələ keçirdiyi yüksəkliklərdən atəşə tutulub. Ağdərə bölgəsində yerləşən mövqelərimiz də ermənilərin işğal etdikləri Möhrətaq və Aşağı Orataq kəndləri səmtindən atəşə məruz qalıb.