Xalqımız nə vaxtdan bəri BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş 822 nömrəli qərarın nəticələrini gözləyir, ermənilərin tezliklə Kəlbəcərdən çıxarılacaqlarına böyük ümidlər bəsləyirdi. Yaranmış vəziyyətdən həmişə olduğu kimi bu dəfə də sui-istifadə edən erməni tərəf Beynəlxalq sənədə əhəmiyyət vermədən özlərinin işğalçılıq planlarını həyata keçirməyə başladılar. İyunun 12-dən başlayaraq, Ağdam-Ağdərə istiqamətlərinə Ermənistandan çoxlu canlı qüvvə və zirehli texnika gətirib, torpaqlarımızın üzərinə genişmiqyaslı hücuma keçdilər.
Qeyri-bərabər döyüşlərdə mərdliklə düşmənin həmlələrinə sinələrini gərən əsgərlərimiz fasiləsiz hücumların qarşısında tab gətirə bilməyərək geri çəkilməyə məcbur oldular. Artıq Ermənistan ordusunun birləşmiş qüvvələri bir il bundan əvvəl əsgərlərimizin çoxsaylı qanı hesabına azad edilmiş Ağdərə şəhərini və şəhərədək olan məsafədəki kəndləri zəbt ediblər.
Ağdam istiqamətində də bir neçə yaşayış məntəqələrimiz və Yeddixırman yüksəkliyi ermənilərin nəzarəti altına keçib. Düşmənlər Ağdam şəhərinin 2 km-dək yaxınlaşıblar. Hər iki tərəfdən çoxlu yaralanan və həlak olan var.
Ermənistanın işğalçı ordusu Gədəbəy bölgəsinin sərhədində də dinc dayanmır, əsgərlərimizin mövqelərini şiddətli artilleriya atəşinə tuturlar. Sərhəd yaxınlığında yerləşən Ermənistanın Artaniş və Çil hərbi bazalarına xeyli canlı qüvvə və texnika cəmləşib. Bu qüvvələrin hesabına döyüşçülərimizin nəzarətində olan 2 yüksəklik itirilib. Gərgin döyüşlər gedir. Hər iki tərəfdən çoxlu yaralanan və ölənlər var. Döyüşlər davam edir.