Dünən bütün gün ərzində və bu gün səhərdən Ermənistan ordusunun bölmələri Ağdam və Ağdərə şəhərləri üzərinə hücumlarını davam etdirmişlər.
Erməni qoşunlarının güclü qruplaşması topların və zirehli texnikanın köməyilə bu şəhərləri birləşdirən şosse yolunu tamamilə kəsərək, şimal-qərb istiqamətində Ağdam şəhərinə doğru irəliləmişlər. Burada Qızıl-Kəngərli kəndi uğrunda şiddətli döyüşlər getmişdir.
Bu gün səhərdən erməni qoşunları Yeddixırman, Xramort, Abdal-Gülablı və Mərzili istiqamətlərində böyük qüvvə ilə hücuma keçərək Ağdama bir qədər yaxınlaşmağa müvəffəq olmuşlar. Hazırda Ağdamın 5 km-də ağır müdafiə döyüşləri davam edir. Şəhərdə və ətraf kəndlərdə artilleriya atəşi nəticəsində dağıntılar, ölənlər və yaralananlar var.
Ağdərə cəbhəsində dünəndən bəri vəziyyət nəzərə çarpacaq dərəcədə dəyişməyib. Akop-Kamari, Maqavuz, Möhrətaq və Papravənd kəndlərini zəbt edən erməni qoşunları əvvəlkitək Ağdərənin şimal-qərb və cənub həndəvərlərində yerləşən mövqelərindədirlər.