Dünən gün ərzində və ötən gecə Ermənistan ordusu bölmələrinin Ağdam və Ağdərə şəhərləri üzərinə hücumları davam etmişdir. Erməni qoşunlarının güclü qruplaşması topların və zirehli texnikanın köməyilə bu şəhərləri birləşdirən şosse yolunu tamamilə kəsib, şimal-qərb istiqamətində Ağdama doğru irəliləmişlər. Burada Qızıl-Kəngərli uğrunda şiddətli döyüşlər gedib. Bugün səhərdən ermənilər digər bir istiqamətdən, Yeddixırman yüksəkliyi və Xramort kəndi səmtindən böyük qüvvə ilə hücuma keçərək Ağdama bir qədər yaxınlaşmağa müvəffəq oldular. Hazırda qoşunlarımız Ağdamın 5 km-də ağır müdafiə döyüşləri aparırlar.
Ağdərə cəbhəsində dünəndən bəri vəziyyət nəzərə çarpacaq dərəcədə dəyişməyib. Akop-Kamari, Maqavuz, Möhrətaq və Papravənd kəndlərini zəbt edən erməni qoşunları əvvəlkitək Ağdərənin şimal, qərb və cənub kəndlərində yerləşən mövqelərdədirlər.