İyunun 26-na keçən gecə və bu gün Ağdam-Ağdərə bölgələrində vəziyyət daha da gərginləşib. Cəbhənin bu xəttinə Ermənistan ərazisindən xeyli zirehli texnika və canlı qüvvə gətirilib. Həmin qüvvələrin hesabına Ermənistan ordusunun bölmələri Ağdam şəhəri istiqamətində hücumu genişləndiriblər. Səhər saat 6-dan başlayaraq düşmənlər hücumu bir neçə istiqamətdə aparmağa başlayıblar. Saat 10 radələrində rayonun Boyəhmədli kəndini işğal edə bilmişlər. Papravənd kəndi yaxınlığında şiddətli döyüşlər getmişdir. Günün ikinci yarısında Ermənistan ordusunun bölmələri döyüşçülərimizin müdafiəsini yararaq Papravənd kəndinə soxula bilmişlər.
Hazırda Ağdam rayonunun Qızıl-Kəngərli kəndi yaxınlığında şiddətli döyüşlər gedir. Düşmənin ələ keçirdiyi mövqeləri geri qaytarmaq üçün ordumuzun bölmələri mübarizə aparırlar.
Ağdərə cəbhəsində də vəziyyət xeyli ağırlaşıb. Bü gün səhər güclü artilleriya atəşindən sonra düşmən işğal etdiyi Maqavuz, Meşçen, Akop-Kamari və Möhrətaq kəndləri səmtindən Ağdərə şəhərinə hücuma keçib. Ermənilər müxtəlif istiqamətlərdə rayon mərkəzinə doğru 2 km-dək irəliləyə bilmişlər.
Ordumuzun bölmələri düşmənin hücumlarının qarşısını almaq üçün qanlı döyüşlər aparırlar.