Dünən saat 15:30-dan başlayaraq Ermənistan ordusunun bölmələri Ağdam şəhəri və rayonun digər yaşayış məntəqələri üzərinə hücumu davam etdiriblər. Döyüşlər əsasən Ağdamın şimalında – Papravənd, Boyəhmədli və Qızıl Kəngərli kəndləri ətrafında gedib. Axşama yaxın düşmən Boyəhmədli kəndinə daxil olaraq Ağdam-Ağdərə yolunu kəsə bilib. Bu istiqamətdə döyüşlər səngiməyib və saat 21:30 radələrində əsgərlərimiz əks-hücuma keçərək Boyəhmədli kəndini işğalçılardan azad ediblər.
Bu gün də Ağdam cəbhəsində vəziyyət gərgin olaraq alıb. Hazırda Boyəhmədli kəndi və Yeddixırman dağı ətrafında ağır döyüşlər gedir.