Ermənistan ordusunun bölmələri Ağdam cəbhəsində ötən gecə və bu gün irimiqyaslı hücumlarını davam etdiriblər. Düşmən şəhərə üç istiqamətdən həmlə edib. Dünən Ağdamın şimal-qərbində yerləşən hakim Yeddixırman yüksəkliyi erməni qoşunları tərəfindən ələ keçiriləndən sonra şəhər yaxın məsafədən müntəzəm olaraq top-raket atəşinə tutulur. Rayonun müdafiəçiləri və yerli əhali arasında xeyli ölən, yaralanan var. Şəhər və ətraf kəndlər dağıntıya və yanğınlara məruz qalıb. Bu gün səhər Qızıl Kəngərli, Şelli və Mərzili kəndləri yaxınlığında düşmənin hücumunun qarşısı alınıb. Hazırda Milli Ordumuzun bölmələri Yeddixırman dağı uğrunda ağır döyüşlər aparırlar.
Dünən iyunun 17-də günortadan Füzuli cəbhəsində də vəziyyət gərginləşib. Saat 15-dən başlayaraq rayon mərkəzindən 5 km aralıda yerləşən Yuxarı Yağlıvənd kəndi döyüş meydanına çevrilib. Silahlı Qüvvələrimizin bölmələri kəndə soxulmuş düşməni geri çəkilməyə məcbur ediblər. Bu döyüşdə ermənilər 1 tank və xeyli canlı qüvvə itirib.
Ağdərə bölgəsində gedən son döyüşlərdə əsgərlərimiz düşmənin hücumunun qarşısını alıblar. Bu istiqamətdə öz zəifliyini hiss edən düşmən Ermənistan ərazisindən və işğal olunmuş Kəlbəcər-Laçın bölgələrindən hava və quru yolu ilə cəbhənin bu sahəsinə təcili olaraq əlavə qüvvələr cəmləşdiriblər.
Bütün cəbhə boyu vəziyyət gərgin olaraq qalır.