Cəbhədə baş verən son hadisələr erməni işğalçılarının murdar simasını bir daha nümayiş etdirmişdir. BMT Təhlükəsizlik Şurasının 822 nömrəli qətnaməsinə məhəl qoymayan Ermənistan ordusunun bölmələri iyunun 12-dən başlayaraq Ağdam və Ağdərə istiqamətlərində geniş miqyaslı hücum əməliyyatları keçirirlər. Bununla da, Ermənistan tərəfi növbəti dəfə beynəlxalq ictimaiyyətin təşəbbüsü ilə aparılan sülh danışıqlarını pozmuşdur.
İyunun 12-si səhər tezdən erməni işğalçıları Ağdam rayonunun Mərzili, Yusifacanlı və Ağcabədi rayonunun Qiyaməddinli, Minaxorlu kəndlərinə soxularaq burada evləri yandırıb dinc əhaliyə divan tutublar. Geri oturdulan düşmən ertəsi günü Ağdamın Şelli və Kiçik Çinli, Ağdərə bölgəsinin Akop-Kəməri kəndlərinə hücuma keçiblər. Şelli istiqamətində qarşısı alınan düşmən Kiçik Çinli kəndini zəbt edərək Əliağalı və Əlimədətli kəndlərinə soxulub. Eyni zamanda, Ağdərə şəhərinin qərbində yerləşən məntəqələr hücuma məruz qalıblar. Burada gedən şiddətli döyüşlərdə ermənilərin 3 tankı, 3 PDM-i və xeyli canlı qüvvəsi məhv edilib. Döyüşçülərimizin igidliklə vuruşması və 16 nəfər şəhid verməsinə baxmayaraq, düşmən 13 iyun axşama yaxın Akop-Kəməri və Madagiz məntəqələrini tutmağa müvəffəq olub.
Bu səhər erməni qoşunları Ağdam cəbhəsinə öz hücumlarını davam etdiriblər. Milli Ordumuzun bölmələri düşmənin qarşısını almaq üçün əzmlə vuruşurlar. Hazırda Ağdamın Şelli və Əlimədətli kəndləri ətrafında qızğın döyüşlər gedir.