Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Avqust 1993 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ötən gecə Ermənistan qoşunları Füzuli cəbhəsində vəziyyəti yenidən gərginləşdirməyə çalışıblar. Saat 03 radələrində şəhər və ətraf kəndlər düşmənlər tərəfindən artilleriya atəşinə tutulub. Bir saatdan sonra düşmənin piyada qüvvələri Füzulinin yaxınlığında yerləşən Qaraməmmədli kəndinə hücuma keçiblər. Gərgin döyüş nəticəsində əsgərlərimiz hücumun qarşısını almağa və bu istiqamətdə düşməni 3 km-dək geriyə atmağa müvəffəq olublar. Səhər saat 06-dan sonra isə Füzuli şəhərinin fasilələrlə atəşə tutulması davam edib.
Düşmən Qarabağın şimalında da fəallığını artırıb. Ötən gecə Gülüstan kəndindəki mövqelərimiz atəşə tutulub. Digər istiqamətlərdə Ermənistan ordusu öz qüvvələrini cəmləşdirir.
Dünən axşam dövlət sərhədi boyu məntəqələrimiz Ermənistan ərazisindən atəşə tutulub. Qazaxın Fərəhli, Tovuzun Əlibəyli, Haçalı kəndləri və rayon mərkəzi ağır toplardan və “Qrad” qurğularından atəşə tutulub. Dağıntılar var. Yerli əhalidən 5 nəfər həlak olub və 4 nəfər yaralanıb. Dünən Zəngilan rayonunun Şükürataz kəndi də atəşə tutulub.