Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Avqust 1993 00:00

Müdafiə Nazirliyinin məlumatı

Beynəlxalq birlik tərəfindən cəzasız qalan erməni işğalçıları həm Qarabağda, həm də bu bölgədən kənarda öz hərbi əməliyyatlarını genişləndirməyə çalışırlar. Dünən onlar Zəngilanın sərhəd boyunca, eləcə də Murovdağ aşırımında öz fəallıqlarını xeyli artırmışlar. Erməni tərəfinin azğınlığı o həddə çatmışdır ki, onlar Zəngilana gəlmiş BMT nümayəndələri Şayıflı, Kolluqışlaq kəndlərində və Şükürataz yüksəkliyindəki mövqelərimizdə olarkən bu yerləri toplardan və zenit qurğularından 6 saat ərzində düşmən güclü atəşə tutmuşdur. Dünən, avqustun 12-də səhər tezdən Murovdağ aşırımını qoruyan döyüşçülərimizin mövqeləri “Qrad” qurğularından və toplardan atəşə tutulub. Görülən cavab tədbirləri nəticəsində burada vəziyyət sabitləşib.
Dünən Ermənistan ordusunun bölmələri Gədəbəy rayonunun Mor-mor kəndini və sərhəddəki mövqelərimizi Keçəldağ və Hörükdaş yüksəkliklərindən, Cəbrayıl rayonunun Quşçular məntəqəsini isə işğal olunmuş ərazilərdən müxtəlif növ silahlardan atəşə tutub.
Füzuli cəbhəsində vəziyyət gərgin olaraq qalır. Buradakı mövqelərimiz müntəzəm olaraq müxtəlif növ silahlardan atəşə tutulur. Düşmənin atəş nöqtələrini susdurmaq üçün cavab tədbirləri görülür.
Bu gün avqustun 13-də səhər saat 09:30-dan başlayaraq Erməni ordusunun bölmələri Ağdam şəhərindən şimalda yerləşən məntəqələr istiqamətində hücuma keçiblər. Şiddətli döyüşlərdən sonra düşmən bir sıra kəndlərə soxula bilib. Hazırda bu istiqamətdə ağır döyüşlər gedir.