Son günlər Ermənistanın təbliğat vasitələri bütün aləmə car çəkirdilər ki, guya Azərbaycan ordusunun bölmələri Füzuli və Cəbrayıl istiqamətlərindən Hadrut şəhəri üzərinə hücuma keçiblər. Öz alçaq niyyətlərini bu cür həyasızlıqla pərdələyən ermənilər bu gün, avqustun 15-də səhər tezdən böyük qüvvə ilə Füzuli və Cəbrayıl rayonlarının üzərinə hücuma keçiblər. Cəbrayıl istiqamətində daha sürətlə irəliləyən düşmən gündüz saat 12-dək 6 yaşayış məntəqəsini – Daşbaşı, Məzrə, Sur, Banazur, Quşçular və Qışlaq kəndlərini işğal ediblər. Cəbrayıl şəhəri güclü artilleriya atəşinə tutulur. Günortadan sonra döyüşçülərimiz Daşbaşı kəndini geri qaytarmağa müvəffəq olublar.
Füzuli rayonunun ərazisində də gərgin döyüşlər gedir. Günün birinci yarısında Ermənistan ordusunun bölmələri rayonun Aşağı Veysəlli kəndini ələ keçiriblər. Füzuli şəhərinə hərəkət edən düşmən şəhərə bitişik İşıqlı kəndinə girməyə cəhd göstərirlər.
Cəbhənin digər hissələrində də vəziyyət gərgin olaraq qalır. Ağdam və Tərtər bölgələrindəki mövqelərimiz tanklardan və toplardan atəşə tutulub.