Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Avqust 1993 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan ordusu bölmələrinin irimiqyaslı hücumu nəticəsində bütün cəbhə boyu, xüsusən də Füzuli – Cəbrayıl bölgələrində çox ağır vəziyyət yaranıb. Dünən və bu gün ərzində Füzuli rayonunun Aşağı Veysəlli, Zərgər, Qaraməmmədli, Yuxarı Yağlıvənd, İşıqlı kəndləri düşmən tərəfindən ələ keçirilib. Döyüşlər Füzuli şəhərinin bilavasitə ətrafında gedir. Füzuli ilə telefon rabitəsi kəsildiyinə görə, döyüşlər haqda daha dəqiq məlumat əldə etmək hələ mümkün olmayıb.
Cəbrayıl istiqamətində hücuma keçən Ermənistan qoşunları Zəmzur, Sur, Banazur, Quşçular, Qışlaq, Doşulu, Qaraçallı, Balyand, Süleymanlı və Əfəndilər kəndlərini işğal edib, Cəbrayılın 2 km-liyinə yaxınlaşıblar. Burada və həmçinin Mulkudərə və Sirik kəndləri istiqamətində ağır döyüşlər davam edir. Yerli əhali arasında həlak olan və yaralananlar var.
Günün ikinci yarısında düşmən hərbi birləşmələri Qubadlı rayonunda yerləşən mövqelərimizə də hücum edərək Qaraqaya və Topağac yüksəkliklərini də ələ keçiriblər.
16 avqust gün ərzində Ağdam – Bərdə yolu üstündə yerləşən Cəvahirli kəndi ətrafında da döyüşlər davam edib. Digər cəbhə bölgələrində mövqelərimiz və yaşayış məntəqələrimiz atəşə tutulub. Tovuz rayonunun Ermənistan ərazisindən atəşə tutulması nəticəsində yaralananlar var.