Ermənistan ordusunun Azərbaycan torpaqları üzərinə genişmiqyaslı hücumu davam edir. Cəbrayıl və Füzuli rayonlarında vəziyyət son dərəcə ağırdır. Saat 12 radələrində Füzuli ilə saxlanılan son telefon əlaqəsi zamanı 3 tərəfdən düşmənin hücumuna məruz qalan şəhərə bizim qüvvələrin nəzarət etdikləri məlum olmuşdur. Döyüşlər eyni zamanda Cəbrayıl şəhərinin yaxınlığında gedir. Alınan son məlumata görə rayonun Sirik, Çərəkən, Papı, Horovlu və Baştəpə kəndləri uğrunda döyüşlər daha şiddətlə gedir.
Qubadlı bölgəsində də vəziyyət son dərəcə ağırlaşmışdır. Hadrut rayonu tərəfdən hücuma keçən Ermənistan Silahlı Qüvvələrinin bölmələri bu istiqamətdəki Topağac, Qaraqaya yüksəkliklərini və Başarat kəndini ələ keçiriblər. Bu gün, avqustun 17-də günortadan sonra düşmən işğal olunmuş Laçın rayonu ərazisindən bu bölgəyə həmlələr edib. Hazırda bu istiqamətdə ağır döyüşlər gedir.