Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Avqust 1993 00:00

Müdafiə Nazirliyinin məlumatı

Bir neçə gündür ki, Respublikamızın cənub bölgələrində vəziyyət gərgin olaraq qalır. Az müddət ərzində erməni qoşunları muzdlu ruslardan ibarət zirehli dəstələrin iştirakı ilə Füzuli və Cəbrayıl rayonlarının xeyli hissəsini işğal ediblər. Dünən saat 21 radələrində Cəbrayıl şəhəri istiqamətində düşmən hücum əməliyyatlarını genişləndirib.
Ermənistan ordusunun bölmələri Füzuli şəhərinə doğru bir neçə istiqamətdən həmlələr edirlər. Dünən axşam rayonun Dövlətyarlı kəndi itirilib. Bu gün isə itirilən kəndlərimizin sırasına daha 3-ü əlavə olunub: Kürdlər, Yuxarı Əbdürrəhmanlı və İşıqlı.
Respublikamızın Ermənistanla sərhədində yerləşən Zəngilan və Qubadlı bölgələri də düşmənin güclü atəşlərinə məruz qalıb. Bu istiqamətdə yerləşən mövqelərimiz Ermənistanın hərbi bazalarına çevrilmiş Qafan, Gorus rayonlarından və Laçın rayonunun işğal edilmiş ərazilərindən müntəzəm artilleriya və digər silah növlərindən atəşə tutulur. Düşmənlər Topağac və Səfiyan istiqamətindən də güclü həmlələr edirlər. Döyüşçülərimizin müdafiə etdiyi Güləbird kəndinin şimal hissəsində qanlı döyüşlər gedir. Yerli əhali və əsgərlərimiz bu istiqamətdə mərdliklə düşmənin hücumlarını dəf edirlər.
Qeyri bərabər qüvvə və çoxlu texnika üstünlüyünə malik olan ermənilər Aşağı Fəracan, Yuxarı Fəracan və Suarası kəndlərini işğal ediblər. Qanlı döyüşlər gedir.
Naxçıvan MR-dan aldığımız məlumata görə dünən gecə ermənilər Şahbuz rayonunun Yuxarı Buzqov kəndini 1 saat atəşə tutublar.