Respublikamızın cənub-qərbində vəziyyət əvvəlki kimi ağır olaraq qalır. Neçə gündən bəri Füzuli şəhərini mühasirədə saxlayan erməni işğalçıları avqustun 22-nə keçən gecə şəhəri müdafiə edən əsgərlərimizin müqavimətini qırmaq üçün çoxlu miqdarda zirehli texnikanın köməyi ilə 3 istiqamətdən rayon mərkəzinə hücuma keçiblər. Saat 14-ə qədər olan məlumata görə, şəhərin müdafiəçiləri düşmənin hücumlarının dəf edirlər. Erməni artilleriyası isə bütün gün ərzində həm şəhəri, həm də Füzulini nəzarətimiz altında olan digər məntəqələrlə birləşdirən yeganə yolu güclü atəşə tutur.
Ötən gecə Ermənistanın Kornidzor hərbi bazasından Qubadlı rayonunun ərazisinə hücuma keçən düşmənin qarşısı alınıb. Güləbird kəndi yaxınlığında gedən döyüşlərdə ermənilərin əlində olan bir əhəmiyyətli yüksəklik geri alınıb.
Avqustun 22-nə keçən gecə düşmən Goranboy rayonunun Gülüstan kəndi istiqamətində hərəkət etməyə cəhd göstərib. Döyüşçülərimiz bu cəhdin də qarşısını alıblar.
Bu gün səhər Tovuz və Gədəbəy rayonlarının sərhəd məntəqələri Ermənistan ərazisindən atəşə tutulub.