Ermənistanın Silahlı Qüvvələri Qarabağla heç bir sərhədi olmayan bölgələrimizdə vəziyyəti gərginləşdirməyə çalışır. Zəngilan rayonunun Ermənistana sərhəd olan ərazilərində dünəndən başlayan döyüşlər ara vermir. Ötən gecə rayonun Yuxarı Yeməzli, Aşağı Yeməzli və Quyudərəhəştab kəndləri Qafan rayonu ərazisindən “QRAD” qurğularından və toplardan atəşə tutulub. Bu gün səhər düşmən Ermənistan ərazisindən hərəkət edərək Kolluqışlaq və Şayıflı kəndləri üzərinə hücuma keçiblər. Ermənilərin bu həmlələri dəf olunub.
Dünən axşam Gədəbəy rayonunun sərhəd məntəqələri də Ermənistan ərazisindən müxtəlif təyinatlı silahlardan güclü atəşə məruz qalıb.
Qubadlı rayonunda da vəziyyət gərgindir. Rayonun Başarat, eləcə də Laçının Güləbird kəndləri ətrafında döyüşlər davam edir.