Son günlər Ermənistan Silahlı Qüvvələrinin hücumu əsasən Qubadlı rayonunun ərazisinə yönəlib. Avqustun 27-nə keçən gecə və bu gün səhər düşmən 3 istiqamətdən bu rayonun məntəqələrinə həmlələr edir. Əsas döyüşlər Güləbird və Başarat kəndləri ətrafında gedir. Həm Qubadlı, həm də Zəngilan rayonlarının əhalisi elliklə silaha sarılaraq əsgərlərimizlə çiyin-çiyinə vuruşaraq xüsusi mərdlik göstərirlər.
Zəngilan rayonuna etdiyi hücumun boşa çıxdığını görən düşmən ötən gecə və bu gün rayonun yaşayış məntəqələrini atəşə tutub. Yuxarı Yeməzli, Aşağı Yeməzli, Quyudərəhəştab, Kolluqışlaq və Şayıflı kəndləri daha şiddətli atəşə məruz qalıb.
Bu gün Gədəbəy rayonunun sərhəd məntəqələri Ermənistan ərazisindən minaatanlardan, Tərtər şəhəri isə artilleriya atəşinə məruz qalıb.