Qarabağda geniş torpaqlar zəbt edən Ermənistan Silahlı Qüvvələri son günlər hücumlarının əsas istiqamətini respublikamızın cənub-qərb sərhədlərinə yönəldib.
Qubadlı rayonunun yaşayış məntəqələri bir neçə istiqamətdən aramsız hücumlara məruz qalır. Hazırda Başarat məntəqəsi və rayona bitişik Laçının sonuncu Güləbird kəndi istiqamətlərində ağır döyüşlər gedir. Azğınlaşmış düşmən hücumlarını gücləndirsə də, doğma torpaqları uğrunda ölüm-dirim mübarizəsinə qalxan yerli əhali əsgərlərimizlə çiyin-çiyinə mərdliklə vuruşurlar.
Ötən gecə və bu gün Zəngilan rayonu yaşayış məntəqələrinin Ermənistan ərazisindən atəşə tutulması ara vermir. Rayonun müdafiəçiləri düşmənin bütün hücum cəhdlərini dəf edirlər.