Cəbhə xəttində vəziyyət gərgin olaraq qalır. Ermənistan Ordusunun bölmələri Qubadlı bölgəsindəki mövqelərimizi bir neçə istiqamətdən güclü atəşə tutur, hücuma keçməyə cəhd göstərirlər. Avqustun 29-na keçən gecə düşmən Gorus istiqamətindən Respublikamızın dövlət sərhədini yenidən pozaraq, Yazıdüzü məntəqəsi və Məlikəhmədli kəndi səmtində hücuma keçib. Ordumuzun əsgərləri ermənilərin bu əməliyyatının qarşısını alaraq, düşməni geri çəkilməyə məcbur etmişlər.
Dünən axşam Ermənistan ordusunun bölmələri Füzuli rayonunun işğal edilmiş Aşağı Əbdürrəhmanlı kəndi istiqamətindən Şükürbəyli kəndinə doğru irəliləməyə cəhd göstərmişdir. Ordumuzun bölmələri düşmənin hücumunun qarşısını alıb. Erməni tərəf itki verərək geri çəkilib.
Ötən gecə və bu gün Qazax və Zəngilan bölgələrindəki mövqelərimiz Ermənistan ərazisindən intensiv atəşə tutulub.