Atəşkəs haqqındakı razılığı pozmağa cəhd göstərən erməni tərəfi son iki gün ərzində təxribatla məşğul olur.
Oktyabrın 9-u və 10-da Zəngilanın Seyidlər, Qubadlının Ağakişilər və Çərəli, Tərtərin Çaylı, Levonarx və Çerabert kəndləri artilleriya və “Qrad” qurğularından atəşə tutulub.
Cəbrayıl bölgəsində vəziyyət daha da gərginləşib. Oktyabrın 10-da işğalçı erməni qüvvələri hərbi texnikanın köməyi ilə Safarşa və Quycaq kəndləri istiqamətində hücuma keçib. Saat 14 radələrində ordumuzun əsgərləri hücumun qarşısını almış, nəticədə düşmən 1 tank, 2 PDM və 20-dən artıq canlı qüvvə itkisi verərək geri çəkilməyə məcbur olmuşdur. Saat 14:50-də ermənilər əlavə qüvvə toplayaraq, 6 tank və 1 PDM-in köməyi ilə yenidən hücuma keçmiş və İran sərhədindən 8 km aralı yerləşən Quycaq yaşayış məntəqəsini işğal etmişlər. Hazırda düşmənin qarşısı Safarşa kəndindən 1 km aralıda alınıb.