Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 May 1997 00:01

Müdafiə Nazirliyinin məlumatı

1997-ci il mayın 5-də Azərbaycan Respublikasının müdafiə naziri general-leytenant Səfər Əbiyev faşizm üzərində qələbənin 52-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Şurasının sədri, istefada olan general-mayor B.Hüseynovu, Bakı şəhəri Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Şurasının sədri, istefada olan polkovnik S.Səlimovu, Bakı şəhəri BVM-si veteranları komitəsinin sədri, istefada olan polkovnik A.Haqverdiyevi, Sovet İttifaqı Qəhrəmanı, istefada olan polkovnik M.Məhərrəmovu, müharibə veteranı, tarix elmləri doktoru, professor M.Abbasovu və bir qrup müharibə veteranını qəbul etmişdir. Qonaqları səmimi salamlayan, onları böyük qələbənin 52-ci ildönümü münasibətilə təbrik edən nazir demişdir:
“Sizin faşizm üzərində əldə etdiyiniz qələbə - bu gün bütün Azərbaycan xalqı üçün qələbə məktəbidir. Bu gün biz erməni faşizmi üzərində tam qələbə çalmaq üçün sizin böyük təcrübənizdən istifadə etməliyik”.
Müdafiə naziri müharibə veteranlarını Ordu quruculuğunun gedişi ilə, Ermənistan-Azərbaycan cəbhə xəttindəki vəziyyətlə tanış etdikdən sonra əlavə etmişdir: “İftixarla deyə bilərəm ki, bu gün artıq bizim möhkəm ordumuz vardır. Azərbaycan əsgərinin döyüş qabiliyyəti və döyüş ruhu yüksəkdir. O hər hansı təcavüzü dəf etməyə hazırdır”.
General-leytenant S.Əbiyev daha sonra gənclərimizin və bütün xalqımızın hərbi vətənpərvərlik tərbiyəsi işində göstərdikləri yüksək fəallığa görə müharibə veteranları təşkilatlarının rəhbərlərinə öz minnətdarlığını bildirmiş, onlara bu gərəkli işdə uğurlar arzulamışdır.
Son söz olaraq demişdir: “Güman edirəm, Azərbaycan xalqı tezliklə bir qələbə bayramını da təntənə ilə qeyd edəcəkdir”.
Müdafiə naziri söhbət əsnasında müharibə veteranlarının suallarına cavab vermiş, onların arzu və təkliflərini dinləmişdir.
Müharibə veteranları təşkilatlarının rəhbərləri səmimi qəbula, diqqətə və qayğıya görə müdafiə naziri general-leytenant S.Əbiyevə öz təşəkkürlərini bildirmiş və “erməni faşizmi üzərində tam qələbəmizi yaxınlaşdırmağa hazır olduqlarını” bildirmişlər.
Görüşün sonunda müdafiə nazirinin sosial və siyasi işlər üzrə müavini polkovnik M.Səlimov nazirin əmrini oxumuş, qonaqlara “Şah İsmayıl Xətai adına” fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilmişdir.