Azərbaycan Respublikası Silahlı Qüvvələri yaradılmasının 6-cı ildönümü münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən müxtəlif bayram tədbirləri keçirilmişdir.
Oktyabrın 9-da səhər Azərbaycan Respublikası Müdafiə naziri general-leytenant Səfər Əbiyev “Şəhidlər Xiyabanı”nda Vətənin azadlığı uğrunda həlak olmuş şəhidlərimizin məzarı üstünə əklil qoymuşdur.
Həmin gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hissə və bölmələrinin əsgər və matrosları, Ali Hərbi məktəblərin və C.Naxçıvanski adına İbtidai Hərbi məktəbin kursantları Bakı şəhərinin küçələrindən mahnılarla ötərək, sonda təntənəli marşla Azadlıq meydanından keçmişlər.
Günün ikinci yarısında Prezident Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mahnı və rəqs ansamblı böyük konsert proqramı ilə çıxış etmişdir.
Silahlı Qüvvələrin bütün qoşun növlərinin hissə və bölmələrində bayram tədbirləri keçirilmişdir.