1997-ci il oktyabrın 15-də Azərbaycan Respublikası Hərbi Təyyarəçilər Məktəbinin ilk buraxılışı olmuşdur. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyev iştirak etmişdir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant Səfər Əbiyev Hərbi Hava Qüvvələri bölmələrinin tədbirə hazır olması barədə Prezidentə raport vermişdir. Prezident Azərbaycan əsgərini salamlamışdır. Sonra Müdafiə naziri Hərbi Təyyarəçilər Məktəbinin ilk buraxılışı münasibətilə nitq söyləmişdir.
Prezident Heydər Əliyev hərbi təyyarəçilərin ilk buraxılış mərasimində geniş məruzə ilə çıxış edərək, onun tarixi əhəmiyyətindən danışmışdır. Sonra o, respublikanın ilk milli hərbi pilotlarına diplomlar və qiymətli hədiyyələr təqdim etmişdir.
Hərbi Hava Qüvvələrinin bölmələri və ilk hərbi təyyarəçilər təntənəli marşla tribunanın önündən keçmişlər.
Prezident H.Əliyev hərbi aviasiya texnikasına baxış keçirmişdir. Sonra hərbi aviasiya paradı olmuşdur. Təntənəli bayram tədbirinin sonunda Prezident H.Əliyev Azərbaycanın ilk hərbi pilotları ilə xatirə şəkli çəkdirmişdir.