1997-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-leytenant Səfər Əbiyev Amerika Birləşmiş Ştatların NATO-dakı səfiri cənab Robert Xanteri və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Qonaqları səmimi salamlayan müdafiə naziri Azərbaycan Respublikasının müstəqillik yolunda qarşılaşdığı çətinliklərdən, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan Silahlı Qüvvələri nümayəndələrinin ardıcıl iştirakından, Tərəfdaşlıq sahəsində Müdafiə Nazirliyinin gördüyü işlərdən danışmış, Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət barədə qonağa məlumat vermişdir.
Qəbul üçün general-leytenant S.Əbiyevə minnətdarlığını bildirən cənab R.Xanter Dövlət Müstəqilliyi günü münasibətilə naziri təbrik etmiş, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində NATO-nun Azərbaycan Müdafiə Nazirliyinə bundan sonra da yaxından kömək edəcəyini vurğulamış, Brüsseldə NATO-nun qərargah-mənzilində Azərbaycan nümayəndəliyinin yaradılmasından məmnun qaldığını bildirmişdir.
Sonra tərəflər Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlığın genişlənməsi perspektivləri barədə fikir mübadiləsi etmişlər.