1997-ci il oktyabrın 20-dən 24-nə qədər ATƏT-in Yüksək səviyyəli Planlaşdırma Qrupunun təkrar kəşfiyyat (rekoqnossirovka) missiyası respublikamızda olmuşdur. Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant Səfər Əbiyev oktyabrın 20-də polkovnik Mişel Xetzinqerin (Fransa) rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Nümayəndə heyəti oktyabrın 21-dən 23-dək Ermənistan-Azərbaycan cəbhəsi boyunca qoşunların təmas xəttində olmuşdur. Cəbhə bölgəsinə təkrar kəşfiyyatın məqsədi-Böyük Siyasi Saziş (BSS) imzalanan kimi, ATƏT-in Sülhməramlı Qüvvələrinin idarəetmə məntəqələri və xidmət bölmələrinin yerləşdirilməsi üçün əlverişli mövqelər seçmək idi. Nümayəndə heyətini nazir müavini general-mayor M.Sarıyev, qərargah zabiti polkovnik R.Əmirov və respublika kütləvi informasiya vasitələrinin nümayəndələri müşayiət etmişlər.
Müdafiə naziri general-leytenant S.Əbiyev oktyabrın 24-də Türkiyə, Rusiya, İrlandiya, Çexiya, Macarıstan və Danimarkanın zabitlərindən ibarət nümayəndə heyətini yenidən qəbul etmişdir.
Nümayəndə heyəti həmin gün Vyanaya (Avstriya) yola düşmüşdür.